İspaniya La Liqasının qalibi “Atletiko” Madrid yeni mövsüm üçün hazırlıqlara start verib. Çempionluq titulunu qorumağa çalışacaq madridlilər həm fiziki, həm də taktiki məşqlərə üstünlük veriblər. Kopa Amerika və Avropa çempionatında iştirak edən futbolçulardan başqa heyətin digər üzvləri təlim-məşq toplanışında iştirak ediblər. Madrid təmsilçisi Yeni mövsümdə ilk matçını avqustun 15-də “Selta Viqo”ya qarşı keçirəcək.
“Bavariya” da 2021-2022-ci illər mövsümünə hazırlaşır. Hans Diter Fliki əvəzləyən Yulian Naygelsman klubla ilk məşqinə çıxıb. Gənc mütəxəssisin rəhbərliyilə futbolçular topla oyun və pressinq tapşırıqlarını yerinə yetiriblər. Xatırladaq ki, 34 yaşlı baş məşqçi daha əvvəl “Leyptsiq” klubunda uğurlu fəaliyyəti ilə yadda qalıb. Onun Münhen komandasında hansı nəticələri göstərəcəyi böyük maraq doğurur. “Bavariya” yeni mövsümün açılış matçında “Borusiya Mönhenqladbax”la qarşılaşacaq. Oyun avqustun 13-ü Borusiya Park arenasında olacaq.